Powered By Blogger

1 Aralık 2010 Çarşamba

CİZGİLƏR...

Zaur MƏLİKZADƏ
MƏN NƏ ADAM, NƏ İNSANAM
(Cizgilər...)
Mən nə adam, nə insanam... Tez – tez sual verir dost – tanışım: - Bəs, sən nəsən?! Mən adamlar, insanlar içində gəzən bir ruham. Qaçırdılan Qarabağ adlı bir gəlinin fəryad səsi, onun şəhid ərinin yaralanmış qəlbiyəm mən. Həmin şəhid olan ərin anasının gözlərindən axan yaşı, dilindəki ağısıyam mən.
Mən nə adam, nə insanam... Mən yolam... Dilsiz, ağızsız, dərdli yol... Qoca şəhərdə, üzərində düşməni də dost tək gəzən yol... Göydələnlər şəhərində gizlənən qız qalasının qədim divarlarından ağlayan göz yaşıyam. Mavi xəzərin hirslənəndə, dalağsı, şırıltı səsiyəm mən.
Mən nə adam, nə insanam... Mən küləyəm, dəli külək... Yoldan ötən gözəl qızın uzun qara saçlarını dağıdıb, içində dəli ehtiras oyadan külək...
Mən nə adam, nə insanam... Mən payızın yağış oğlu, mən pağızın kötük ağac atasının əzabla xışıldayan, lakin səsinə səs verilməyən, sarı yarpaq qızının fəryad səsiyəm.
Mən nə adam, nə insanam... Hər qışda yolların günahını donduran qaram... bəyaz qar, qırmızı qar...
Mən  nə adam, nə insanam... Səhərləri açan Günəş, gecələri işıqlandıran Ayam mən. Min – min ulduz içində yetim qalan dan ulduzuyam...
Mən nə adam, nə insanam... Mən daşam. Vətənində yadlaşan, vətən daşı, qaya daşı, çınqıl daşı... Birinə sinə, birinə baş daşıyam. Üzərində erməni bayrağını saxlayan Şuşanın qala daşlarının göz yaşıyam.
Mən nə adam, nə insanam... Doğma vətənimdə insanların ögey baxan, ordan – ora, burdan – bura daş atılıb, qovulan, daha sonra barmaqlıqlar arasında saxlanılan qurdam... Boğazına zəncir salınan köpəyəm. Qorxur məndən cavanı da, yaşlısı da... Nədi – nədi buraxanda üzü Qarabağa sarı qaçan köpək qurduyam...

27 Noyabr, 2010
Bakı şəhəri.

MƏN DAHİYƏM
(Cizgilər...)
Mən dahiyəm!.. İşsizi olmayan məmləkətin işsizlərinin dahisiyəm!
İşim yox işləməyə, dişim yox dişləməyə, mən varlılar məmləkətinin kasıblar dahisiyəm!
Mən dahiyəm! Məmurunun cibindən neft qoxusu gələn, vətəndaşı nefətə möhtac ölkədə neftsizlərin dahisiyəm!
Mən dahiyəm! İstedadlı yazarlar içində istedadsızların, qələmlilər içrə qələmsizlərin dahisiyəm!..
Çöllər mənim tək məkanım. Mən çöllərin dahisiyəm!
Yerim yox, oturmağa, evim yox, yaşamağa, yurdum yox ölməyə, mən yurdsuzlar dahisiyəm!
Bir gün qəfil ölsəm, cəsədimi dəfn etməyib, çöplüyə atın siz... Mən çöplükdə bir parça çörək axtaran dilənçilər dahisiyəm!
Mən dahiyəm! Kim deyər ki, deyilsən sən?!

28 Noyabr, 2010
Bakı şəhəri.

QATİL
(Cizgilər...)
Qatil! Bu adı qazananlar çoxdur: Dost qatili, ata – ana, qaradaş – bacı qatili... Bunlar hamısı məhkəmə qarşısına çıxan qatillərdir. Fəqət, yeganə qatil var ki, onu hakim cəzalandırmaz. Bu da sənsən!.. Sən, ruh qatili... Sən ruhumun qatilisən! Sən sevgimin qatilisən! Sən duyğularımın, xəyallarımın qatilisən. Sən qatilsən! Sən ilk görüşdə həyacandan titrəyən əllərin, gözlərinə utanıb baxa bilməyən gözlərin qatilisən! Sən qatilsən, dəniz kənarındakı görüşümüzdə daş atıb, hürkütdüyün qağayıların qatilisən! Sən qatilsən... Üzərində sevərək gəzdiyimiz, evinizə gedən yolun qatilisən!Qorxma, nədən qorxursan?! Bu sadəcə mənim səsim, bu sadəcə, mənim səndən şikayətimdir. Baxan yoxdu bu şikayətə... Keçmişimin qatilisən sən!.. Keçmişimin qatilisən sən!..

28 Noyabr, 2010
Bakı şəhəri.

1 Kasım 2010 Pazartesi

FACEBOOKDA MƏHƏBBƏT (Hekayə)

Facebook şəbəkəsindəki dostlarıma ithaf edirəm.
Bu gün o, özünü çox pis hiss edirdi, dişi ağrıyırdı.  Müxbir işlədiyi qəzetin baş redaktorundan  icazə alıb, yarımçıq işdən çıxıb, evə gəlmiş, ağrının kəsmədiyini görüb, anasıyla birgə qonşuluqdakı diş həkiminə gedib, dişini çəkdirmişdi. İndi də yanağı, dili, damağı iynənin təsirindən keyidiyi üçün özünü yaxşı hiss etmirdi. Bu gün heç onunla da danışmamışdı. Ürəyi, sıxılırdı: “Görən indi nə edir, bəlkə, bu gün mən orda olmamışam deyə, artıq başqa oğlanla danışır” – düşüncəsiylə birtəhər yerinə uzanıb, notubookunu açıb, internetə qoşulandan sonra, facebook səhifəsinə daxil oldu. Xəttə olanların siyahısında onun adını görüb, gözləri güldü, ürəyi sevindi. Dərhal onun adının üstünə vuraraq, açılan kiçik pəncərədə yazdı:
- Xoş gördük!
            Cavab gəlincəyə qədər notubookun musiqi oxudadnını qoşdu. Ən çox sevddiyi şərqi səslənirdi. Hansı ki, bu şərqini təkrar – təkrar dinləməkdən usanmırdı. Bu rəhmətlik Barış Akarsunun ifasında “Gel, gör, aşk beni neyledi” şərqisiydi.
Gah eserim yeller gibi,
Gah tozarım yollar gibi,
Gah akarım seller gibi,
Gel, gör, aşk beni neyledi?!
            Bu yerdə deyəsən, cavab gəldi.
- Xoş günün olsun! Bu gün nə yaman gec gəldin?
- Bir az işim vardı...
- Hə...
- Sevgilin necedi?
- Xəbərim yoxdu, bu gün işi çox olub deyə, facebooka gec gəldi.
- Nə deyir, hardaydı?
- Demir, eləcə deyir ki, işim çox olub.
            Fərid səhifənin üstündə kiçik baş işarəsi olan yerin qızardığını görüb:
- Merva, bir dəqiqəliyinə gözlə, mənə dostluq təklifi gəlib, ona baxım, indi sənə yazıram.
            Fərid notubookunun ekranini bir az geriyə çəkərək, dostluq təklifinin üzərinə vurdu. Təklif gondərən oğlan idi. Həmişə olduğu kimi dostluq təklifinin oğlandan gəldiyini görüb, birinci qəbul etmək istəmədi, daha sonra nə düşündüsə, “Təsdiqlə” düyməsini vurdu.
- Hə...Burdasan?
Mervadan cavab gələnəcən yeni dostunun profilini nəzərdən keçirdi. Dostu Kabus adlı bu cavan oğlan məlumatlarında meyxanaçı olduğunu yazırdı. Fərid bir anlığa bu dostluğu qəbul edtdiyi üçün peşiman oldu. Çünki zəhləsi gedirdi meyxanaçılardan. Dediyinə görə meyxana avaraların peşəsidi...
            Notubookdan “tık” səsi eşidilərək, yeni mesaj gəldiyini bildirir və Fərid əsas səhifəyə qayıdıb, mesajın Mervadan olduğunu görür.
- Bağışla, uzaqlaşmışdım, indi gəldim.
- Hardaydın?
- Dedi, gözlə gəlirəm, o, gəlincəyə qədər mən də özümə çay süzürdüm. Gəldim gördüm, sən yazmısan.
- Hə...
- Sənin sevgilin necədi?
- Yaxşıdı.
- Daha səni incidmir ki?..
- İncitmirdə sözdü...
- Nə olub, yenə?
- Nə olacaq, bir aydan çoxdu ki, burda danışırıq, amma nə qədər and – aman edirəm ki, bu virtual münasibəti bitirib,reala keçək, razılıq vermir ki, vermir...
            Fərid Merva cavab yazana qədər səhifənin üst tərəfində “Nə düşünürsən” pəncərəsinə vuraraq, bu sözləri yazır: “Bu gün dişim yaman ağrıyırdı. Getdim həkimə çəkdirim, həkim bir iynə vurdu, keyimədi, ikinci iynəni də vurdu, yenə keyimədi. Sonda məcbur olub, çəkdi dişimi. Elə pis ağrıdı ki...”
            Fərid bu fikirlərini paylaşmamış, yenidən “tık” səsi eşidildi və səhifənin alt hissəsində “Merva Sunel” yazılan kiçik pəncərə qızararaq, üzərində 1 rəqəmi göründü. Bu da o demək idi ki, Merva Fəridə nəsə yazmışdı. O, yazdığı fikirləri “Paylaş”ı vuraraq, dostlarıyla bölüşdü və dərhal da nigaran halda Merva yazan kiçik çat pəncərəsini açdı.
- Bax, Fərid, sən düz etmirsən. Siz hələ yeni tanış olmusunuz. Gərək bir – birinizi tanıyasınız. Mənimki də məcbur edir ki, görüşək. Amma mən razılıq vermirəm.
            Fərid həmişə olduğu kimi Mervanın bu sözlərindən əsəbləşərək, notubookun incə yazı düymələrini möhkəm basaraq cavab yazdı:
- Siz qızlar beləsiniz də... Adamı öldürməsəniz, əl çəkən deyilsiniz...
            Cavab gəlincəyə qədər bayaq paylaşdığı fikirlərə dostlarının nə münasibət bildirdiklərinə nəzər saldı. Dostların əksəriyyəti: “Dişini, soyuğa vermə yoxsa, nəticəsi ağır ola bilər” – deyə yazırdılar. Yenidən “tık” səsi Mervanın cavab yazdığını göstərdi. O dərhal “Merva” yazılan pəncərəyə vurdu.
- Sənə deməmişəm, ölməkdən danışma?! Bax, sənə bir təklifim var. Sən icazə versən, mən həmin qızla danışıb, günü sabaha sizin görüşünüzü təşkil edə bilərəm...
            Onun ürəyi sevindi. Görən, Merva bunu bacaracaqdımı?..
- Niyədə razı olmayım ki?! Nə olar, xahiş edirəm, onu razı sal. Sən onu razı salsan, mən sənin oğlanına başa salaram ki, bir də səni incitməsin. Ok?
            Az keçməmiş, Mervadan:  - Ok, - mesajı gəldi.
            Həkimdən gələndən ağzının keyidiyinə görə, əhvalı yaxşı olmayan Fəridin ağrı – çəkilmiş dişinin yerinin giziltisini əks edən üzündə sanki sevinc əks olundu. Görən, Merva razı olacaqdımı? Bu arada yenidən “tık” səsi və “Merva Sunel” yazılan pəncərə qızarır.
- Bax, Fərid, onunla danışdım. Birtəhər, yola gətirmişəm. Sabah saat 14:00 – da səni 20 yanvar metrosunun yanında – Azersunun qarşısında gözləyəcək.
            Fərid bu sözlərə inana bilmədi. İlk öncə ona elə gəldi ki, Merva onunla zarafat edir. Çünki bir aydan çoxdu ki, onunla burada danışırdılar. Nə qədər yalvarıb – yaxarmış, peşiman olmayacağını inandırmaq üçün andlar etmişdisə də, yola gətirə bilməmiş, görüşmək istəməmişdi. Hətta onlar bir – birinin səslərini belə eşitməmişdilər. Bir ara Fərid öz nömrəsin ona verib, zəng etməsini demişdisə də, qız razı olmayıb, zəng etməmişdi. Fəridin məlumatlarında şəkili olsa da, onun məlumatında şəkili belə yoxdu. Odur ki, Fərid bu qızın necə olduğundan tamamilə xəbərsiz idi. Hətta yaşını belə bilmirdi. Bir dəfə yaşını soruşmuş, o, isə:  - Utanmırsan, qızdan yaş soruşursan, - deyərək, zavalı Fəridi pərt etmişdi. Odur ki, o, həmin qızı sözlərində sevirdi. Bu sevgini də, onunla hər gün bir neçə saat danışmadan dura bilmədiyindən hiss edirdi. Artıq Fərid öz xəyallarında bir neçə dəfə üzünü belə görmədiyi, səsini belə eşitmədiyi, yaşını belə bilmədiyi bu qızla bir neçə dəfə evlənib, boşanırdılar da. O, bu barədə anasına da demişdi. Anası da köhnə fikirli qadın olduğu üçün: - Bir elə o qalmışdı ki, internetdə tapdığın qızı gətirib, mənim evimə salasan hə, - deyərək, oğlunu bu yoldan çəkindirməyə çalışmışdısa da, lakin bacarmamışdı. Fərid artıq onu sevirdi. Hə, bir şeyi də demək yadəmdan çıxmışdı. Fərid hələ bu günə qədər bir dəfə də olsun onunla danışarkən bir – birinə müraciətlə danışmırdılar. Amma sözsüz ki, söhbətin onlardan getdiyini bilmək çətin deyildi.
            Bir xeyli düşünəndən sonra:
- Merva, axı mən onu heç görməmişəm. O, yenə burda mənim şəklimi görüb. Biz bir – birimizi necə tanıyacağıq, - yazaraq, “Enter” düyməsin vurub, göndərdi.
            Fərid ən xoş anlarını yaşayırdı. Hər şeyi – damağındakı ağrını da unutmuşdu. İçindən ayağa qalxıb oynamaq keçirdi. Lakin səslənən şərqinin musiqisi elə idi ki, onun sədaları altında oynamaq yox, yellənmək olardı.
Yenidən “tıkıltı” səsi eşidildi. Bununla bərabər Fəridin bayaq paylaşdığı fikirlərə də şərhlər gəldiyi barədə məlumatlar gəlirdi. Amma indi onu həmin şərhlər yox, Mervanın həmin qızla danışandan sonra nə cavab verəcəyi maraqlandırırdı. O, tələsik, çat  pəncərəsini açdı.
- Danışdım, dedi ki, narahat olmasın, dediyim vaxtda orda olsun, mən özüm ona yaxınlaşacağam...
            Fərid bu  sözlərə inana bilmirdi. O, yenidən tələsik cavab yazdı.
- Ok! Sabah saat 14:00 – da dediyi vaxta da orda olacağam. Merva, sən də çox sağ ol ki, əlindən gələni əsirgəmirsən...
            “Enter” düyməsini vurub, yolladı və yenidən yazmağa başladı.
- Bax, sənin bu yaxşılığının qarşısında mən də o, oğlanla danışdım, mənə söz verdi ki, bundan sonra səni incitməyəcək, görüşəndən sonra hər gün vaxtlı – vaxtında netə girib, səninlə danışacaq ki, nigaran qalmayasan...
            Az keçməmiş, Mervadan cavab gəldi:
- Ok, Fərid, mən indi çıxmalıyam, görən, o, daha ağrımır ki?..
 Fərid bir xeyli düşündükdən sonra:
- Yox, narahat olma, mən ona bir şad xəbər vermişəm ki, hər şeyi unudub.
- Ok, mən çıxdım, sən də çıx.
- Ok!
            Fərid də internet əlaqəni kəsib, facebook səhifəsini də bağladı. O qədər sevinirdi ki, bilmirdi nə etsin. Həmişə olduğu kimi bu sevincini də ilk olaraq, anasıyla bölüşdü:
- Ana, sabah onunla görüşürəm.
- Kiminlə ədə?
- Sənə dediyim qızla.
            Anası başını sağa – sola edərək, etirazını bildirib, gileyləndi:
- Deyirəm, indiki oğlanları heç nə maraqlandırmır e... Tanımır, bilmir, görüşmək adı eşidib, ürəyi gedir. Bir qız ki, internetdi, nədi, onu sağ gəlib, çıxmayaydı, buralara... Heyif deyildi, rusun dövrü, cavanlar günlərin kitab oxumaqla keçirirdilər. Bu interneti çıxartdılar, balalarımızı da korladılar. Əvvəllər qızın nəslin, kökün araşdırmamış, almazdılar. Amma indiki oğlanlar internete girib, görmədiklərinə aşiq olub, görüşüb, evlənirlər də... O internetdə qurulan ailədən nə ailə olacaq?
            Fərid anasının sözlərində hardasa bir həqiqət duyurdu. Amma bu həqiqətdən də böyük həqiqət Fəridin onu sevməsiydi. Nə olursa, olsun, Fərid onunla ailə quracaqdı. Fəridə görə onun xarici görkəminin də əhəmiyyəti yoxdu. Fərid onun yazdığı sözlərdən, diqətliliyindən ürəyini sevirdi. Həmişə də düşünürdü ki, xarici gözəllik mənasız bir şeydi. Əgər, kimsə öz sevdiyini xarici görkəminə görə bəyənib, sevirsə, demək, həmin münasibətə saf sevgi demək olmaz. Xarici gözəllik elə bir şeydi ki, onu hər an itirmək qorxusu var. Məsələn hər hansı bir qəzaya uğruyub, həmin gözəlliyi itirə bilərsən. Deməli, həmin qəzadan sonra sevdiyin də səni sevməyəcək, atacaqdı. Amma daxilini sevən insan isə nə olursa, olsun, daima səni sevəcək, hətta xarici gözəlliyini itirməyinin belə onun üçün əhəmiyyəti olmayacaqdı. Axı o, sənin daxili aləmini sevirdi...
***
            O, bütün gecəni narahat yatdı. Yuxusunda gözəl bir qızla sevişdiyini də gördü. Ona elə gəlirdi ki, bu qız odur. Yuxuda onunla birgə olduğu üçün özünü çox xoşbəxt hesab edirdi.
            Fərid saata baxdı. Artıq evdən çıxmalıydı. Notubookunu açıb, facebook səhifəsinə daxil olub, Mervanın orda olub, olmadığına baxdı. Merva orda yox idi. Bir xeyli də dostluq, səhifə, qrup təklifləri gəlmişdi. Hər zaman göndərilən dostluq təkliflərinə maraqlı olan Fərid bu dəfə səhifəni bağlayıb, internet elaqəsini kəsib, güzgünün qarşısına keçib, saçını daradı. Anası Vüsalə oğlunun tələsdiyini görüb, acıqlandı:
- Hara belə, o, internet qızıyla görüşməyə gedirsən?!
- Ana, o, elə qız deyil. Sən hələ onu tanımırsan...
- Neynirəm, onu tanıyım, - deyərək, Vüsalə bir az mülayim tərzdə oğluna:
- Ay bala, ağlını başına yığ. Tanımırsan kimdi, nəçidi, bəlkə elə, başqa bir adam göndərib, səni öldürtdürəcək?!.
            Fərid gülümsəyərək:
- Ana, sən də elə danışırsan ki, mən kiməm ki, məgər hansısa vəzifənin – zadın sahibiyəm, məni öldürməyə maraqlı insanlar olsun?! Narahat olma. Gedim, bir neçə saata qayıdıb, gəlirəm.
            Vüsalə nə qədər təkid etsə də, Fərid tələsik evdən çıxıb, avtobusa mindi. Yol boyu yuxuda gördüyü qızı xatırlayıb, o, olduğunu düşündü.
            20 Yanvar metrostansiyasında düşüb, tələsik, yolu keçib, Azərsu Səhimdar Cəmiyyətinin qarşısında dayandı. Burada xeyli insanlar vardı. Kimisi yerdə qaçaq yolla gətirilən siqaret qoyub satır, kimisi, eynək, kimisi də lotareya, kontur... Hələ sizə qaraçı uşaqlarını demirəm. Peşiman olursan, yanlarından ötməyə, zəli olub, yapışırlar ətindən ki, pul ver. Pul verməsən, əl çəkən də deyillər. Bunlardan savayı adi insanlar da çoxdu burada. Kimsə, kiminləsə söhbət edir, kimsə də mənim kimi kiminsə yolunu gözləyirdi.
            Birdən kimsə: - Salam, Fərid, sizsiniz, - deyərək, onu səslədi. Sağ tərəfə çevrilib baxdıqda, 50 – 55 yaşalrında qısa – oğlansayağı, amma dağınıq saçlı, arıq, qarayanız, əyninə yaraşmasa belə mavi rəngli köhnə, dizindən xeyli aşağı olan ətək, qolları ipli köynək geyinən, xırda, bəbəkləri görünməyəcək qədər kiçik gözləri, lakin diqqətlə baxdıqda gözlərin dərinliyindən tənhalıq, səmimilik boylanan bir qadının ona gülümsədiyini gördü.
- Merva?..
- Bəli! Dedim, gəldim.
            Bu o idi, bir aydı, üzünü görmədən dərdindən dəli – divanə olduğu, Mərva... Merva da onun əsil adı deyilmiş, facebookda təxəllüsüymiş. Onu təsəvvür etdiyindən, tamam fərqli gördü. Düzdü, Fərid xarici görünüşə fikir verən biri deyildi. Amma Merva cavan bir qız yox, ondan xeyli böyük, yaşlı bir qadın idi.  Bəs, bu yerdə o, nə edəcəkdi?!

23 Sentyabr 2010,
Bakı şəhəri.

ARZULARIM...(Etüd)

I qrup əlil Aytən İbrahimovaya ithaf edirəm.


Hamı kimi mənim də ürəyimdə arzularım, istəklərim var. Fəqət, bu yaşıma qədər arzularımın çox hissəsinə həyata keçirə bilməmişəm. Daha doğrusu, arzularımı həyata keçirməyə mane olan səbəb olub.
            Mən də istəmişəm ki, sevdiyim insan olsun, onunla nişanlanım, saatlarla telefonda danışaq, arada sözümüz çəp gəlsin, küsüb, telefonu qapadaq. Günlərlə mənimlə barışmaq üçün zəng etsin, telefonun ekranında adını görüb, açıb, barışmaq istəsəm də, bir az nazlanıb, telefonu açmayım. Vəziyyətin çətinləşdiyini görüb, mesaj yazsın: “Canım, gözüm, hazırlaş, gəlib, səni gəzməyə aparıram”. Mesajı oxuyan kimi hər şeyi unudub, atamın mənə aldığı yaşıl donumu geyinib, güzgünün qarşısında saçlarıma daraq çəkib, anamın yanına gedib: - Ana. Necə görünürəm, - deyə gülən, sual dolu baxışlarımı yaşlı anamın parlaq gözlərinə zilləyim. Anam da gözlərindən gülümsəyərək: - Həmişəki kimi gözəlsən, - desin. Daha sonra tələsik pəncərəyə yaxınlaşıb, dayanacaqda qamətiylə hamının nəzərini cəlb edən nişanlımın pəncərəmizə sarı baxıb, gülümsədiyini görüb, tələsik aşağı enim. Dayanacaqda insanların çox olmasına baxmayaraq, yaxınlaşan kimi küsülülüyümüzü unudub,görüşək, o, mənim yanağımdan öpsün. Həmişəki kimi yenə ona naz edim. Mənimlə mehriban danışdığını görüb, uşaq şıtaqlığı ilə qoluna girib, bala sığırçın anasına sığınan kimi, mən də ona sığınım. Avtobusu gözləməyib, metroya düşək. Metroda da qapının ağzında dayanaq, əllərimdə əllərinin hərarətini duyum. Dodaqlarını qulağıma yaxınlaşdırıb, pıçıltıyla: - Səni sevirəm, - desin. Qulağımdan boynuma yayılan nəfəsi bədənimi titrətsin, yanaqlarım qızarsın, ətrafda ahıl insanların oturduğunu görüb, özümü itirməməyə çalışım.
            “İşərişəhər” metrostansiyasında qatardan enib, Əlyazmalar insitutunun qarşısıyla Sabir bağına enək. Sabirin heykəlinin qarşında dayanıb, yoldan ötən birinə telefonunu verib, şəkilmizi çəkməsini rica etsin. Ardınca, İçərişəhərə girib, əski bir şeyə baxmaq üçün gəzək. Amma bu qədim şəhərdə əski bir şey tapa bilməyib,  Qız qalasına doğru addımlayaq.  Qız qalasının arxasındakı köhnə kitab mağazasına girib, kitab almasaq da, kitabların birin götürüb, baxıb, birini qoyaq, qiymətləriylə maraqlanaq. Kitab mağazasından çıxıb, Qız qalasının önünə keçib, qapıdan içəri daxil olub, gülümsəyən qızdan bilet alıb, mən öndə, o, da arxamca, dar qala divarlarıyla pilləkənlərlə yuxarı doğru hərəkət edək. Arada mərtəbələrin birində dayanıb, əl - ələ tutub, bələdçi qızın danışdıqlarına qulaq verək.  Qalanın üstündə xaricilərin ingilis dilində danışdığını görüb, əsəbləşib, onlara yaxınlaşıb: - Bura İngiltərə deyil e,Azərbaycandı, bura da bizim dilimizdə danışın, - deyək. Onların bizi anlamadığını görüb, gülümsəyərək, bir kənara çəkilək. O, mənim boynumdan qucaqlayaraq, şəhərin görməli yerlərini göstərsin. Mən də yarızarafat, yarıciddi: - Şəhərdə o qədər göydələnlər tikiblər ki, Qız qalasının gözəlliyi onların yanında gizlənmiş kimi görünür, - deyib, heyfslənim. Birdən, mobil telefonum zəng çalsın. Qaldıranda, anam: - Atan, əsəbləşib, tez evə gəl, - deyə pıçıldasın. Tələsik dar dalanlarla aşağı enək, Pilləkənləri enərkən, arada ayağım büdrəsin, az qala, yıxılam, belimdən tutsun. Mən də zarafatla onun əlini kənara itələyim. O, da: - Bah, minnətin olsun, tutmasaydım, yıxılacaqdın, - deyib, gülümsəsin.
            Beləcə, danışıb – gülərək, məni qapımıza qədər gətirib, geri dönsün. Qapını açan anam, şəhadət barmağını dodaqlarının üstünə qoyaraq, sakit olmağımı işarə etsin. Qonaq otaağında qaş – gözünü sallayıb, televizorda “Xəbərlər”i izləyən atamın yanından sakitcə, sivişib, öz otağıma keçib, əynimi dəyişib, telefonumun qulaqcığını qoşub, o, evlərinə çatana qədər musiqilər dinləyim. Birdən anam çiynimi tərpədib: - Səni telefona çağırır, - desin. Sevincək, qulaqcıqları çıxarıb, kənara atıb, dəstəyi, götürüb, bir – birimizi neçə illər görməyən həsrətlilər kimi səhərə qədər gələcək ailəmiz, övladlarımız haqqında danışaq. Arada uşaqların ad məsələsində mübahisəmiz də düşsün...
            Bu arada xəyallarımdan ayrılıb, özümə, bu günümə qayıdıram . Otağımda pəncərənin qarşısında oturub yağış damcılarının  pəncərəmizi islatdığını seyr edir, onların da mənim halıma ağladığını zənn edib, göz yaşlarıma hakim kəsilə bilmirəm. Özümdə güc toplayıb, əlil arabamdan ayağa qalxıb, qaçaraq, çölə çıxıb, yağışın damlaları altında islanmaq istəsəm də, alınmır.Mən iki ayağımdan ömürlük əlil arabasına möhtac olan gənc qızam...

31 Oktyabr 2010,
Bakı şəhəri.

23 Ağustos 2010 Pazartesi

GƏNC YAZIÇI ZAURUN YENİ KİTABI ÇIXDI

ARTIQ SATIŞDA!..
Bu yaxınlarda "Adiloğlu" nəşriyyatı tərəfindən gənc yazıçı Zaurun "Aldadlmış ər" adlı bədii kitabı işıq üzü görüb.
“Aldadılmış ər” kitabı gənc yazıçı Zaurun oxucularla üçüncü görüşüdür. Yazıçının bu kitabda müasir həyatın, müasir insanlarının problemlərindən bəhs edən bir neçə əsərləri toplanmışdır. “Aldadılmış ər” povestində gənc, tanınmış, şou – bizness aləmində məşhur olan bir müğənninin qalmaqallı taleyi, həyatında buraxdığı ciddi səhvlər nəticəsində sevdiklərini itirməsindən bəhs edilir. Bununla yanaşı kitabda gənc nasirin son illərdə qələmə aldığı bir neçə maraqlı hekayələri və ilk qələm təcrübəsi olan kiçik əsərləri də toplanmışdır. Kitabda müəllif “Mənim böyük dünyam” adlı gündəliklərindən “Əsgərlik anlarından qeydlər” silsiləsində isə əsgər həyatı ilə bağlı iki hekayəsi də oxucuların ixtiyarına verilmişdir.
"Aldaılmış ər" kitabını əldə etmək istəyənlər göstərilən ünvanlara müraciət edə bilərlər.
ÜNVAN: İçərişəhər, 28 MAY metrostansiyasının yaxınlığındakı kitab evləri və Bakı Kitab Klubu.
Kitabı sifariş etmək üçün əlaqə saxlayın: 012-492-12-38, 012-511-61-86