Powered By Blogger

Deyəsən biz Qarabağı istəmirik

“Havada uçan quşlar bizə gülürlər.O səbəbə ki,əcnəbinin gözü qarşısında bakılı-qarabağlı davası gedir “
Mirzə Cəlil


Artıq Qarabağ torpaqlarının işğalından 18 il ötür. Bu ötən illər ərzində də yalnız yalançı ümidlərə söykənib, gözləyirik, amma nə vaxta qədər? 1992 – 93 – cü illərdə doğulanların 18 yaşı var. Yəni əli silah tutacaq bir gəncdir.
Bu gün mən Şəhidlər Xiyabanına gedə bilmirəm. Bir türk kişisi kimi hətta Şəhidlər xiyabanın yanından belə ötməyə utanıram, başımı yerə dikirəm ki, məzar daşlarından boylanan nigaran və narahat baxışlar məni yaxalamasınlar. Əgər, yaxalayarlarsa, onlara nə cavab verəcəyəm: “Sizin qeyrətiniz bizdə olmadı, 18 ildi “sülh” adıyla həm sizin ruhlarınızı narahat edir, həm də öz gücsüzlüyümüzü dünyaya élan edirikmi?” - deyəcəyəm...
            Qarabağ torpaqlarının bu günə qədər azad olmamasının başlıca səbəbkarı ölkədə yürüdülən siyasətdir ki, həmin bu siyasət cəmiyyəti manqurtlaşmaya doğru aparır. Necə ki, Sovetlər birliyi dönəmində artıq dilimizi belə itirmək üzrəydik, bu gün də mənəviyyatımızı itirmək üzrəyik, bəlkə də itirmişik. Bu gün Azərbaycan ailələrində belə bir təfəkkür hələ də qalır ki, Qarabağ qarabağlılarındı, Bakı bakılıların, Şəki şəkililərin və, s. Məhz bu təfəkkürdü ki, bu gün Azərbaycan xalqı öz tarixi qədim torpaqları olan Qarabağın bizə məxsus olmasını dünyaya sübut etməkdə çətinlik çəkir. Qeyd edim ki, bu təfəkkür bizim hərbi hissələrimizdə də mövcuddu.
Hələ ta qədimlərdən başımıza gətirilən olmazın oyunlarına baxmayaraq, milli vətənpərvərlik ruhunu özümüzə aşılaya bilmirik. Bax, bu bizim faciəmizdi. Erməni ailəsində yenicə dünyaya gəlmiş, körpənin hələ gözü görməsə, qulağı eşitməsə belə, həmin uşağa ilk pıçıltıyla deyilə söz: - “TÜRK SƏNİN DÜŞMƏNİNDİ!” – olur. Məhz buna görədir ki, yaxınlarda “Azərbaycanla yenidən barışıq olsa, razılaşarsınızmı?” – sualıyla Ermənistanda sorğu keçirilərkən, erməni gənclərin demək olar ki, əksəriyyət: - “Qətiyyən, onlar bizim əbədi düşmənlərimizdi” – cavabını verdilər. Amma bu gün Azərbaycan gəncini Qarabağ problemlərindən öncə bəzi televizya kanallarında gedən şou – bizness proqramları və əyləncə düşündürür. Bununla yanaşı bəzi gənclərimizdə hərbi xidmətə münasibət də çox aşağı səviyyədədir. Bunun da başlıca səbəblərindən biri cəmiyyətin çox qisminin savadsız olmasından irəli gəlir. Bu gün Azərbaycanda ali məktəblərimiz minlərlə gənclərimizdən yalnız barmaqla sayılacaq qədər ali təhsilli buraxır. Əksəriyyətiysə, ali təhsilli yox, “ali diplomlu”durlar. Bu gün Azərbaycan gəncini təhsil almaq, millətinin, torpağının tarixini öyrənmək, savadlı bir kadr kimi yetişmək yox, ali diploma sahib olmaq düşündürür. Bunla da “gün – gündən təhsili inkişaf edən Azərbaycan”da savadsız bir ordu yetişdirilir. Bu da bir siyasətdi ki, müəllimlərin maaşını az etməklə, onların şagirdə, tələbəyə yüksək təhsil vermə həvəsini öldürür, müqəddəs müəllim peşəsini tələbədən asılı vəziyyətdə saxlayaraq savadsız kütlə yetişdirilir. Nədir bu savadsız kütlə? Bu odur ki, əgər bir millətin ziyalısı, savadlısı çox olarsa, həmin milləti idarə ertmək çətin olar. Məhz bu üzdən də “inkişaf edirik” adı altında savadsız kütləni çox asan şəkildə idarə edə bilirlər. Sanki fərqinə varmadan, düşünmədən biz öz əməllərimizlə: “Qarabağı istəmirik” – deyirik.
Yazılma tarixi: 09 Sentyabr 2010,
Bakı şəhəri.
Dərc olunub: 18 Sentyabr 2010
AZADLIQ qəzeti