Powered By Blogger

Bilinməyənlər-hekayə

 
“MƏNİM BÖYÜK DÜNYAM” gündəliklərindən
(“ƏSGƏRLİK ANLARINDAN QEYDLƏR” silsiləsi)


Bu gün mənim ən xoş, sevincli günlərimdən biri idi. Ağlım kəsəndən bəri Qarabağ döyüşləri ərəfəsində atamın bəzən hərbi geyimdə, avtomatla evə gəlməsi məndə hərbiyə, vətəni qorumağa böyük məhəbbət oyatmışdı. O zamanlar atam komandirlərindən ailəli olduğu üçün bir neçə saatlığa icazə alıb evə gələndə: “Ata, sən erməni görürsən, heç erməni öldürürsən?” kimi suallar verirdim ona. O, da həmişə vaxtının az olmasına baxmayaraq, həvəslə mənim suallarımı cavablandırır, elə uşaqlıqdan içimdə düşmənə qarşı böyük nifrət və kin hissi cücərdirdi. Atamın döyüşdə şəhid olması və ardınca övlad itkisinə dözə bilməyib, nənəmin də dünyasını dəyişməsi mənim düşmənə olan nifrət və kinimi daha da artdı. İçimdə intiqam – atamın döyüşüb şəhid olduğu torpaqlar uğrunda mənim də döyüşüb, atamın və atam kimi neçə - neçə şəhid olan ataların qanını yerdə qoymamaq arzusu böyüyürdü. Lakin atamdan fərqli olaraq mən məğlub ordunun döyüşçüsü kimi şəhidi olmaq istəmirdim. Arzum o idi ki, tezliklə əsgəri yaşım yetişsin, əgər həmin ərəfədə işğalda olan torpaqlarımız qayıtmasa, torpaqlarımızın azadlığı uğrunda olacaq döyüş zamanı, həmin mücadilədə yaxından iştirak edim. Bu döyüşdə daha bizdən ölən yox, öldürənlər olsun. Düşünürdüm ki, yeterincə bizdən ölən olub, amma bir nəticə əldə etməmişik. Yenə də torpaqlarımız düşmən işğalındadır. Bu dəfə ölməməli, öldürməliyik. Anam isə həmişə mənim bu kimi fikirlərimə qarşı çıxırdı. Atamdan sonra arvad mənim əsgər getməyimi belə istəmirdi. Anamın gözlərinin içində məni də itirmək qorxusu var idi. Elə mənə hərbi komissarlıqdan çağırış vərəqəsi gələndə də nə qədər çalışsa da ki, məni xidmətə buraxmasın, lakin evdə bir neçə gün çörək yeməyib, xidmətə getmək istəyimi görüb, mane olmadı. Daha sonra çalışdı ki, bir neçə qohuma ağız açıb, məni yaxınlıqda olan, rahat hərbi hissələrin birinə saldırsın, çox pul istədilər deyə, anamın bu istəyi də boşa çıxdı. Əvvəldən anamın məni harasa saldırmaq istəyinin əleyhinə çıxdığım üçün: “O qədər nəfsini tökdün ki, yaxşı bir yerə də saldıra bilmədim səni. Atan kimi “Vətən,vətən!” deyirsən. Atana etdiklərindən sənə də edəcəklər?!” – deyib gileylənirdi anam. Lakin mən vətənimi hansısa təmənnaya görə sevmirdim. Çünki atam mənə vətəni təmənnasız sevməyi öyrətmişdi.

...Hə, keçmişi xatırlarkən, sevincli günümün səbəbini demək lap, yadımdan çıxmışdı. Bu gün mən əsgər gedirdim. Səhər tezdən anamla birgə hərbi komissarlığın qarşısındakı oturacaqda oturub, hansı hərbi hissəyə yollanacağımı gözləyirdim. Bizimlə yanaşı burda bir çox əsgər yollanacaq uşaqlar vardı ki, onlar da valideynlərilə hansı hərbi hissəyə göndəriləcəklərini gözləyirdilər. Hamıdan öncə bizim gəlməyimizə baxmayaraq, elə ən axıra qalan da biz və bizimlə yanaşı üç – dörd nəfər oldu. Nəhayət, məlum oldu ki, bayaqdan xarici maşınlarla yola salınan əsgərlər əvvəldən pul verib, yerlərini məlum edənlərdi. Biz isə yerimizi pulla məlum etməmişik deyə, bizlərdən biri Naxçıvana, mən və iki nəfər isə hərbi hissəsi “bilinməyən” kimi Biləcəridə yerləşən hərbi komissarlığa göndərildik. Bizi Biləcəridəki komissarlığa gətirən rayonumuzun hərbi komissarlığının Adil adlı səlahiyyətli nümayəndəsi özü içəri daxil olub, bizi xeyli gözlətdirdi. Bir saatdan çox vaxt ötdükdən sonra çölə çıxıb, valideynlərə yaxınlaşaraq dedi:

- Yerlər ancaq ön xətt hərbi hissələrinədir. Kimin imkanı varsa elə indi yerindəcə isti – isti hörmətini eləsin, yaxşı yerə saldıraq.

Zavallı valideynlər kimi mənim anam da narahat oldu. Hamı ora – bura zəng edib, pul tapıb, Adilə verdilər ki, övladlarını yaxşı hərbi hissəyə saldırsın. Anam yazıq da ha vurnuxsa da, bir çarə tapa bilmədi. Nəhayət: - Elşad, narahat olma. Allah özü kömək olsun. Sənin delalarının içində şəhid oğlu olduğun yazılıb. Yəqin ki, səni yaxşı yerə salacaqlar, – deyə, özünə təskinlik verirdi. Elə bu hisslərlə də tez – tez: - Mamanın gül balası, narahat olma, get, pirsaqanda xoşdadığın yeməklərdən bişirib, gələcəyəm yanına, – deyərək, üz – gözümdən öpürdü.

- Budur, Adil gəlir, - deyərək anam mənimlə birgə əsgər yollanan elə burda tanış olduğumuz Rəhmanın anasına dedi. Rəhmanın anasından öncə atası dərhal ayağa qalxaraq, Adilə tərəf irəlilədi. Bu yerdə gözlərim doldu, mənim də atamın yanımda olmasını istədim. Bəlkə də atamı itirəndən, ilk dəfəydi ki, atasızlığın acısını bu qədər duyurdum, onun yanımda olmasını istəyirdim. Lakin nə fayda, atam yox idi. Mənim isə bu dünyada anamdan savayı bir kimsəm yox idi. Hər dəfə yanında atası olan kimsəni gördükdə, ata həsrəti içimi didib – parçalayırdı. Bəzən atamın məni tək qoyduğu üçün ondan küsür, inciyir, bəzən də: - “Mənim atam qəhrəmandı. O, torpaqlarımız uğrunda canını fəda edən insandır” – deyərək, qürrələnirdim. Anam qolumdan tutub: - A bala, qalx gəl görək, - deməsilə, fikrim qarışdı. Dərhal oturacaqdan ayağa qalxıb anamla birgə Adilə yaxınlaşdıq. O, valideynlərə:

- Sizin oğlunuz Gəncəyə, sizinki Lənkərana, - anama gəldikdə isə: - Xala, sizin oğlunuz da Ağdama düşdü, - deyib çox sakit halda əlindəki bizim hərbi biletləri sayaraq, qarşıdakı dəmiryolu stansiyasında qatarı gözləməyimizi bildirdi.

Həmin vaxt anamın necə əlini üzünə sıxaraq hönkürdüyünü, gördüm. Bu arada özümü toplayıb, anama yaxınlaşaraq, boynuna sarılıb, vaxtından tez dən düşmüş saçlarını oxşayıb, onu sakitləşdirməyə çalışdım.

***

Artıq Biləcəridəki dəmiryolu stansiyasında bizi hərbi hissələrimizə aparacaq qatarı gözləyirdik. Bizimlə gələn valideynlər qatar gələnə qədər bir şeylər yemək üçün yaxınlıqda olan kafeyə keçmişdilər. Bizə təklif etsələr də, pulumuz olmadığı üçün anam: - Yox, ay bacı, çox sağ olun, aclığımız yoxdu, - deyərək, onlardan uzaqlaşıb, yaxınlıqda olan dükanların birindən, otuz qəpik pul verib, yavan çörək alıb, gözləmə məntəqəsindəki oturacaqda oturub, iki yerə bölüb, ana – bala yeyirdik. Elə bu yerdə bələdçinin səsgücləndirici ilə:

- Sərnişinlərin nəzərinə! Bakıdan Bərdəyə gedən qatar stansiyaya yaxınlaşır, - deməsilə biz dərhal yerimizdən qalxıb, stansiyaya tələsdik. Burada hamı öz övladı ilə görüşür, sağollaşırdılar. Anam da göz yaşları içində məni qucaqlayıb, bağrına basıb, hönkürürdü. Sanki anamın dili tutulmuşdu, bir kəlmə də olsun, söz danışmırdı. Digər valideynlər kimi sevincək: - “A bala, sağ get, salamat qayıt,” - kəlməsini də deyə bilmirdi zavallı qadın.

- Ay xala, burax da, qatar getdi ki, - komissarlıq işçisinin narazılıqla dediyi bu kəlmələrdən sonra anamdan aralanıb, səkkizinci qatarın qapısına doğru irəlilədim.

Artıq yola düşmək üzrə olan qatarın pəncərəsindən çölə baxdıqca gözlərim bəlkə, bir daha onu görmədim, heç olmasa, son dəfə doyunca, simasına baxım deyə, bəzilərinin üzlərində sevinc, bəzilərində isə kədər, göz yaşı olan valideynlərin içində anamı gəzirdi. Amma nədənsə, anam insanların içində görünmürdü. Birdən qatar yavaş – yavaş stansiyadan uzaqlaşmaqdaykən, qatarın arxasınca gələn valideynlərin arasından anamın göz yaşlarına baxmayaraq gülümsəyən, mənə sarı əlini yelləyən gördüm. Anamın yanındakı kişini gördükdə, içimi bir qorxu, vahimə hissi bürüdü. Artıq atamı itirməyimdən xeyli müddət ötməsinə baxmayaraq, onu tanıdım. Bu köhnə, üzünə qan ləkələri hopmuş hərbi geyimli kişi mənim atamın ruhu idi. O, bizi tək qoymamışdı...







03 Avqust 2010.

Bakı şəhəri.