Powered By Blogger

Yetimler-hekayə

Z A U R


YETİMLƏR

(Hekayə)



Fikrətin həyat yoldaşı təzəcə rəhmətə getmişdi. O, yeganə oğlu Muradla tək qalmışdı. Tək qalmışdı deyəndə, Səmanın yeddisinə kimi bütün qonum – qonşu onlarda idi. Fikrətin dərdini az da olsa unutdururdular. Yeddindən sonra hər kəsən öz evinə çəkilmiş, bu iki yetimləri dərdləri ilə baş – başa qoymuşdular. Heç olmasa bir nəfər qohum – qardaş da yox idi ki, Səmanın qırxına kimi onlarla qalıb, dərdlərinə şərik olsun. Fikrət, kiçik Muradı anasızlığa öyrədə bilmir, əziyyət çəkirdi. Səma rəhmətə gedən gündən Murad hər gecə ağlaya – ağlaya yuxudan oyanıb: - Ata, indi anamı görürdüm. Əynində ağ paltar vardı. O paltarla ona soyuq olduğundan, mənə yalvarıb, üstünə örtməyə bir şey istəyir. Nə olar ata, qalx gedək anama yorğan aparaq, – deyərək onsuz da qəlbi yaralı atanın dərdinin üstünə bir dərd də gətirirdi. Fikrət gözlərini yumsa da göz yaşları onu boğmağa başlayanda həyatda tək sirdaşı olan oğlunun boynunu qucaqlayıb, onun göz yaşlarını silib,sakitləşdirib, yatırır, ondan sonra özü səhərə qədər yata bilmirdi. Yorğanı üzünə çəkib, övladının sözlərindən təsirlənib, hıçqıra – hıçqıra ağlayırdı.

Fikrətin bu həyatda Səmadan sonra Muraddan savayı heç kimi qalmamışdı. O, uşaq evində böyümüşdü. Nə ata - anası, nə də ki, bir nəfər tanıdığı qohum - əqrəbası yox idi. Səma ilə də elə uşaq evində tanış olmuş, bir – birlərini sevmiş, daha sonra isə müəllimlərinin köməkliyi ilə ailə həyatı qurmuş, elə uşaq evinin yaxınlığındakı yataqxanadan onlara yaşamaq üçün bir gözlü və mətbəxli ev vermişdilər. Onların sevgisi o qədər saf sevgi idi ki, onlar bir – birlərinə həyat yoldaşı olmaqla yanaşı, həm də ata – ana, bacı – qardaş idilər. Onlar bu həyatda kasıb, imkansız olsalar da, sevərək yaşayırdılar, ən böyük var – dövlətləri də bu idi. Murad bu iki insanı həyata daha da bağlayaraq, onların yaşama, yaratma ruhunu yüksəltmişdi. Amma nə yazıq ki, bu xoşbəxtlik uzun sürmədi. Düz iyirmi yeddi gün bundan öncə, elə iyirmi yeddi yaşında bir gəlin öz yuvasını tərk etdi.

Səma bir ilə yaxın idi ki, qadınlığındakı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Həkimlər onun xəstəliyinin əməliyyatdan keçdiyini, ömrünə az vaxt qaldığını özünə deməsələr də, Fikrətə bildirmişdilər. Fikrət son anlara qədər buna inanmır, bütün günü orda – burda fəhləlik edib, qazandıqlarının demək olar ki, hamısını Səmanın dəva - dərmanına verirdi ki, bəlkə sağalar. Zavallı hər gün səhər Səmanın dəva - dərmanını özü verir, onu qonşuya tapşırıb, işə gedir, axşam evə tez dönüb, yenə də onun qulluğunda dayanır, birinci sinfə yenicə başlamış Muradla məşğul olurdu. Uşağın dərslərinə, üst – başının təmizliyinə nəzarət edirdi. Başqa nə edə bilərdi ki, kimi – kimsəsi də yox idi, gedib yardım istəyə. Onun bu həyatda yeganə yaxınları bu iki nəfər idi: Səma və Murad. Fikrət Səmanın quru nəfəsi gəlib – getdikcə, özünü bu həyatda yetim sanmırdı, Səmanın ölümü Fikrəti ikinci dəfə də yetim qoydu. Bu dəfə yanında Murad da vardı. Bu Fikrət üçün dağdan ağır dərd idi. Axı o, bu vəfasız, həyatda tək başına nə edəcəkdi, altı yaşlı körpəsini necə böyüdəcəkdi? - Bir yandan da Muradın gecələr yuxudan oyanıb, anasına soyuq olduğunu deməsi, ata ürəyini daha da kövrəldirdi.

Yenədə eyni hal baş vermişdi. Murad gecə yarı yuxudan oyanıb, anasına soyuq olduğunu deyib, atasını məcbur etmişdi ki, qalxıb, anasının qəbri üstünə gedib, ona yorğan aparsınlar. Fikrət uşağı sakitləşdirib, fikrindən daşındıra bilmişdisə də, yatıra bilməmişdi. Səhərə qədər ata bala qucaqlaşıb, göz yaşlarını içlərində boğmuşdular.

* * *

Fikrət işdən gəldikdə Muradı evdə görmədi. Ətrafa nəzər salıb, çantasının evdə olmadığını görüb, saata baxdı. Bu vaxt gərək evdə olaydı. O, yataqxananın dəhlizinə çıxaraq, Muradı qonşulardan soraqladı. Qonşular Muradı görmədiklərini deyəndən sonra zavallının ürəyi təşvişə düşdü. Bu uşaq hara gedə bilərdi ki, yol – filan da tanımırdı.

Fikrət: - Yəqin sinf yoldaşlarının hansınınsa evinə gedib, indilərdə gələr, düşünsə də artıq şər qarışır, axşam düşürdü. Səmada qara buludlar görünür, havanın qaralması ilə Fikrətin də ürəyini qara düşüncələr alırdı.

Artıq Ay çıxmışdı. Gecənin qaranlığını Ay öz bəyaz işığı ilə işıqlandırırdı. Fikrət gödəkçəsini geyib, çölə çıxdı. Yolda adamlar az – az görünürdü. Onun ilk gətdiyi yer, Muradın sinif yoldaşlarının evi oldu. Hamısının evini bircə - bircə gəzib, Muradı soraqlasa da dərsdən sonra görən oldu deyən olmadı. Fikrətin getdikcə həyacanı artır, qorxu hissi onu bürüyürdü. O, özünə təsəlli verərək: - Heç hara gedə bilməz. Harda olsa, indi qarşıma çıxacaq, - deyərək, qəlbindəki həyacanı qovmağa çalışırdı. Amma faydası yox idi. Fikrət həyacanı, Muradı itirmək qorxusunu qovmağa çalışsa da alınmırdı. Buzlu yolları küçə - küçə, dalanba – dalan gəzdikcə taqətdən düşür, soyuqdan ayaq barmaqları donaraq, hərəkətini itirirdi. Bir neçə dəfə buzda sürüşüb, yerə yıxılsa da, ayağa qalxb, yoluna davam edirdi. Özü də hara getdiyinin fərqində deyildi. Gecənin bu qaranlığında uşaq harda ola bilərdi ki? Bu düşüncələrlə, Fikrət göz yaşlarına hakim kəsilə bilmirdi. Addımlaya – addımlaya gözlərindən yanaqlarına düşən yaş, gecənin qaranlığında soyuqdan qızarmış yanaqlarında par – par parıldayırdı. Artıq Fikrət özü də bilmədən yolun qırağında yerə diz çökərək, əllərini göyə qaldırıb, Allaha yalvarırdı:

- Allahım, biz yetimlərinə rəhm et. Mən onsuzda yetim idim, Səmanı qarşıma çıxarıb, yetimlik acısını az da olsa mənə unutdurdun. Daha sonra onu da əlimdən alıb, məni yenidən yetim qoydun. İndi həyatda Səndən və Muraddan savayı bir kimsəm yoxdu. Yalvarıram ey Yaradanım, Muradımı mənə çox görmə, məni bu həyatda üçüncü dəfə də yetim etmə, biz iki yetimlərini bir – birimizə çox görmə, ey uca Rəbbim!..

Elə bil Fikrətin yalvarışlarını Allah eşitdi, ürəyindəki həyacan təlaş itdi, onların yerini sakit bir rahatçılıq, arxayınlıq aldı. Yerdən qalxıb, cibindəki siqaret qutusundan bir dənə götürərək, dodaqlarının arasına alıb, alışdırdı. Fikrət çox siqaret çəkən adam olsa da, bayaqdan siqaret yadına düşmürdü. Baxmayaraq ki, siqareti daha çox əsəbi halda olanda çəkirlər, indi nədənsə o Fikrətin yadına sakitləşəndən sonra düşdü. Əli ilə gözlərindən yanaqlarına süzülüb, gözlərinin qıraqlarını yandıran yaşı silib, siqaretdən bir dərin qüllab alıb, ciyərlərinə sümürdü.

Fikrət elə bil bayaqkı – narahat, ağlayan, nigarançılıqdan dayana bilməyən adam deyildi. Bayaqdan bəri buzlu yollarla tələsə - tələsə, yıxıla – yıxıla addımlayan Fikrət, indi başına aşağı salıb, nə sağa, nə də ki, sola burulmadan düz addımlayırdı. Bayaqkından fərqli olaraq, çox sakit və təmkinlə addımlayırdı. Yolun həmin yol – buzlu, sürüşkən ,hər beş addımda Fikrəti sürüşdürürüb yerə yıxan olmasına baxmayaraq, indi elə bil onun da Fikrətə rəhmi gəlmişdi, artıq onu yıxmırdı.

Başını qaldıranda özünü qəbirstanlığın yanında gördü. Bu vahiməli, qorxulu, həm də bir az da sakit görünən məkan, əslində həyatın ən gözəl, ən qorxusuz yeri idi. Sadəcə, hər insan bu gözəlliyi, xoş təsirli səssizlikdəki səsi duya bilməzdi. Səma rəhmətə gedəndən bir dəfə də olsa bura tək gəlməmişdi. Amma elə bil indi hansısa qüvvə onun əlindən yapışıb, qəbirstanlığın içinə doğru aparırdı. O, qəbirlərin arası ilə ötə - ötə onlara diqqət yetirir, qəbirlərin baş daşında əks olunan rəhmətliklərin şəkillərinə və doğum – ölüm tarixlərinə nəzər yetirirdi. Hər şey Fikrətin yadından çıxmışdı. Hətta Səmanın məzarının da bu qəbirstanlıqda olduğunu unutmuşdu. Ona elə gəlirdi ki, qəbirstanlıqda tək deyil, bura adamla doludur. Ümumiyyətlə burda heç ölü yoxdu, hamı diridi. Ölən varsa, o da Fikrətin özüdü. O, nə səsini çıxara bilir, nə də ki, geri qayıda, elə bil ətrafındakı cansız nəfəslər onu geri qayıtmağa qoymurdu.

Əvvəl qorxdu. Havada uşaq gödəkçəsinin qolları yırğalanırdı. Sonra yaxınlaşdı. Uşaq gödəkçəsini çıxarıb, baş daşına bürüyüb, iki əli ilə də möhkəmcə qucaqlayıb, gözlərini yumub, şirin – şirin yatırdı. Fikrət elə bil bu yerdə yuxudan ayıldı və qəbirstanlıqda olduğunun fərqinə vararaq, qəlbini qorxu, vahimə bürüdü. Elə bil bayaqdan ona işıqlı, diri insanlarla dolu görünən bu məkan bir anın içində qaranlıqlaşdı və o buranın dirilər yox, ölülər məkanı olduğunu dərk etdi. Bəs bu uşaq kim idi, gecə vaxtı onun burda nə işi var idi? Murad! Hə, doğurdan da Murad idi. O, anasının qəbrini qucaqlayıb, yatmışdı. Bəlkə də heç yatmamışdı,sadəcə qucaqlayıb, gözlərini yummuşdu. Hə, yatmamışdı, çünki pıçıltı ilə nəsə danışırdı. Fikrət bu səhnəni gördükdə qorxu – hürküsü itdi. O, Murada yaxınlaşdıqda, uşaq anasının baş daşını buraxmayaraq: - Ata, indi daha anama soyuq olmayacaq, – deyib: - Ata, nə olar, məni bağışla, səndən icazəsiz gəldim. Amma neynəyim, anama da çox soyuq idi axı...

Öz gödəkçəsini çıxarıb, qəbrin üstünə sərdi. Üzünü torpağa qoyub:

- İndi rahat yat yerində ay Səma! Bax, oğlun da, mən də yanındayıq. İkimiz də sənə soyuq olmasın deyə, üstünü örtmüşük. Sənin yanındayıq, rahat ol!

* * *

Əl - ələ tutub, yataqxanaya sarı gedirdilər. Həmin gecədən sonra Murad bir daha yataqdan qalxıb, ağlamadı. O inanırdı ki, daha anasına soyuq deyil, çünki atasının da, onun da gödəkçəsi anasını şaxtadan qoruyurdu.

15 Noyabr, 2008.

Bakı şəhəri.