Powered By Blogger

Nankor övlad-hekaye

Z A U R


NANKOR ÖVLAD

(Hekayə)



Əsəd kişi ilə Gülayə arvad on ilə yaxın idi ki, oğlu, gəlini tərəfindən evdən qovulmuş və qocalar evində məskunlaşmışdı. Sağ olsun rəhbərlik ki, bu - iki ahıl yaşındakı ər - arvadı heç bir sənəd tələb etmədən bura qəbul etmişdi. Həm də ki, kim idi o vaxtlar sənədə - filana baxan?! O vaxtlar insanlarda insanpərvərlik vardı. Yoxsa indi?.. O günü bir nəfər yaşlı kişi gəlmişdi ki, mənə burda qalmağa yer verin. Rəhmətliyin oğlundan o qədər sənəd istədilər ki, kişi kor-peşiman geri qayıtdı.

Burda olan qocaların əksəriyyəti səhhətlərindəki problemlərdən əziyyət çəkirdilər. Onlarda baş qaldıran xəstəliklərin başlıca səbəbi kimsəsizlikləri, ömür boyu çalışıb – vuruşub böyütdükləri övladları tərəfindən atılmaları idi. Əsəd kişi də belə qocalardandı. Mədəsindəki şişdən əziyyət çəkirdi. Dövlətdən qocalar üçün ayrılan dərmanlar da ona kömək etmirdi. Bu üzdən də əməlli yeyib – içə bilmirdi. Onsuzda zavallı kişi öz evində olanda da nə yeyirdi ki... Gəlini Gülayə arvadla Əsəd kişinin yeməklərini də pusurdu, görsün nə qədər yeyirlər. Sonra da başlayırdı deyinməyə ki: - «Mən sizin əlinizdən nə ərimə, nə də balama yemək yedirə bilmirəm. Elə bil işləyib, qazanıb gətirmisiniz ki, yeyirsiniz. Bir fikirləşmirsiniz ki, burada sizdən başqa da adam var»?

Elə bu cür sözlərlə bir gün Gülayə arvadın əlindən stəkanın düşüb, sınmasına görə gəlin evdə bir dava - dalaş qaldırdı ki, gəl görəsən. Yoldaşı Əmrahı da əsəbləşdirib, köməksiz qocalarla üz – üzə qoydu . Balasına atasını, anasını döydürtdürüb, evdən qovadurandan, sonra da harda olduqlarını, nə işlə məşğul olduqlarını maraqlanmağa qoymayan gəlin, daha düşünmürdü ki, onun da elə uşaqlıqdan dəcəlliyi ilə başlarına açmadığı oyun qalmayan övladı böyüyürdü.

* * *

Əsəd kişi çarpayıda oturub, televizor seyr edir, Gülayə arvadsa taqəti olmasa da otağı sil - süpür edirdi.

Televizorda uşaq verlişi gedirdi. Verlişə baxıb xəyallara dalan Əsəd kişinin gözlərindən yaş süzülə - süzülə arvadına:

- Ay Gülayə, biz evdən çıxanda nəvəmizin on bir yaşı vardı. İndi maşallah iyirmi bir yaşı olar. Yəqin əsgərliyini də çəkib, gəlib. Hələ bəlkə evlənib də. Amma görünür, heç onun da yadına düşmürük.

Gülayə arvad sol əlini belinə qoyaraq, əlində tutduğu, sapı taxtadan olan süpürkəni yerə basaraq özünə dayaq verib: - «Ay, canım vay...» - Səhhətindən gileyləndi:

- A kişi, sən nəyi qoyub, nəyi axtarırsan, bəgəm yazıq balamı, anası qoyar ki, bizi axtarıb, tapsın?! Əşşi, heç lazım da deyil. Təki, özləri mehriban olsunlar. Yansın işıqları, gəlsin soraqları...

- Ay arvad, iş orasındadır ki, heç soraqlarıda yoxdu, bilmirik necə yola gedirlər?!

- Day demə, Əmrahım üçün burnumun ucu göynəyir. Yaxşı misal var ey: - Övladın elə pisi adamı yandırır, ay kişi. Bizim elə pisimiz də odur, yaxşımızda odu. - Qəhər ananı boğdu, gözlərindən yaş süzülə - süzülə: - Heç nə istəmirəm ay, kişi bir dəfə uzaqdan da olsaydı, Əmrahımı görəydim. Bilirəm ki, mənim balam elə deyil. Onu o, vicdansız qız yoldan çıxartdı.

Ər - arvad ikisi də keçmış günləri xatırlayıb, hey ağladılar. Az keçməmiş, qonşu otaqda yaşayan, elə qocalar evində də bir - birinə dayaq olmaq üçün ailə quran İbrahim kişi ilə Züleyxa xala gəldilər.

İbrahim kişi yaşlı olsa da canısulu kişiydi. Arvadı onu evdən qovub, çöllərə salmışdı. Elə bu halı ilə də zarafatından, keyfindən qalmırdı. Təzə arvadı Züleyxa da onun kimi zarafatcıldı. Yaxşı tapışmışdılar. Qocalar evində hamı onları «qoşa bülbüllər» - deyə çağırırdı. Hər axşamüstü bu «qoşa bülbüllər» Əsəd kişigilə gələndə onlar sevinərdi. Çünki bu qədər qocaların içində bircə onlarla yaxınlıq edirdilər. Onların zarafatlarından eyinləri açılan qocalar, «qoşa bülbülləri»in hər gün gəlmələrini səbirsizliklə gözləyirdilər.

İbrahim Əsəd kişinin kefsiz olmasını sezib:

- Əsəd kişi, nə olub, nəsə bikef gürünürsən, bəlkə, arvad üzünə yaxşı baxmır, hə...

Züleyxa Əsəd kişinin yerinə cavab verdi:

- Nə olur atın arvadların üstünə.

İbrahim Əsəd kişiyə göz vurub:

- Siz arvadların ağlı qırx toyuğun ağlıdır. Odu ki, siz danışmayın.

Züleyxa üz - gözünü turşudaraq: - Kiri, sən Allah, gedin öz söhbətinizi edin. Biz qadınlar olmasaydıq, bilmirəm siz kişilər nə edərdiniz? - deyib, Gülayə arvadın yanına keçib, otağın başındakı divanda oturub, şirin - şirin söhbət etməyə başladı. Kişilər də bu yanda stolda oturub, dərdləşirdilər.

Əsəd kişi, çənəsini əlindəki əsasına söykək edib, fikrə getmişdi

- Ay İbrahim, bilirsən, övlad pis də olsa , yaxşı da, yenə də övladdı. İstəmirəm ki, onun burnu qanasın. Amma neynək ki, bəzisi valideyinin qədrini bilmir.

İbrahim kişi ciddi görkəm aldı, dərindən ah çəkdi:

- Elədi, qaqaş, düz deyirsən. Zəhmət çək, böyüt, övlad da ki, qədrini bilməsin. Məni o, vicdansız arvadım evdən qovanda, uşaqlar da onunla qoşalaşdılar. Yoldaşım həmişə deyirdi ki, - «İşləmirsənsə, bu evdə çörək də yemə. Mənin oğlum qazanıb, gətirir ki, sən yeyəsən?! Get, özün işlə, qazan, al, bişir, ye! Bu evdə sənin nökərin yoxdu». Mən də deyən də ki; «Övlad tək sənin deyil, həm də mənimdi. Qazanır, mən də yeyirəm. Yaşlı kişiyəm, ayağımı güclə çəkirəm, mən gedib harda işləyim?» Oğul da, qız da, gəlin də, özü də üstümə düşüb, mən yaşda kişini basıb döyürdülər. Axırda da evdən qovdular. Neyləyək daha?!. Bu da bizim taleyimizdir. Bəlkə, ay Əsəd günah elə özümüzdədi. Bəlkə düzgün tərbiyyə verə bilməmişik. İnan ki, hardasa səhv buraxmışıq ki, indi də ağlayırıq.

İkisi də bir – birlərinə baxıb, çiyinlərini çəkdilər. Bu sözdə həqiqət vardı. Amma səhv harda buraxılmışdı...

Axşam düşmüşdü... Bir azdan «xəbərlər» proqramı başlayacaqdı. Əsəd kişi xətt, saqqalını əli ilə sığallaya - sığallaya İbrahim kişi ilə söhbət edirdi. Hərəsi öz keçmişini xatıralyıb, ötən günlərinə baxmışkən bugünkü günlərə şükür edirdilər. Bu kiçik, təmirsiz, ifunət iyi verən yöndəmsiz otaqlar, sanki onlaraçun, təmtaraqlı, sarayları əvəz edirdi. Qocalar evinin ölüm sükutu çökən otaqları onların dünyalarıydı. Bundan əvvəl tikib, yaradıb, övladlarına verdikləri evlərində edə bilmədikləri, sərbəst ola bilmədikləri həyatı burda yaşadıqlarından Tanrıya sonsuz şükürlərini bildirirdilər.

Əsəg kişi:

- Eh, neynəyək, Allah nankor övladın cəzasını özü verəcək, – deyib, gileyləndi. Amma görəsən, bu sözlər onun ürəyinin sözləri idimi, inanmaq olmazdı. Əsəd kişi evindən ayırılıb bura gələrkən, evdən xatirə götürmüşdülər: Bu da Əmrahla nəvəsinin şəkli idi. Onlar ikisi də bir - birindən xəbərsiz hər gün bu şəkilə baxıb, için - için hönkürür: - «Görəsən, nəvəmiz indi böyüyüb, necə olub? Görəsən, yadına gəlirmi nənəsi, babası?.. Əmrah neynəyir? Gəlinlə yaxşı yola gedirmi? Yəqin ki, yaxşı olar. Təki, mehriban olsunlar, yansın işiqları, gəlsin soraqları». – deyə, düşünürdülər. Amma sadəcə bu, içində dərin övlad həsrəti, niskili, dərdi olan qəlbi dağlanan köməksiz ata - ananın düşüncələriydi. Övladın çırağı yansa da, onun, çıraqsız qalan ata – anasına işıq gəlib çatmırdı. Ata - ana hər gün: - «Bəlkə bu gün oğlumla nəvəm bizi görməyə gəldi,» - deyərək, hər ötən günlərini də beləcə ötürürdülər. Amma gün həftəyə, həftə aya, ay ilə doğru qaçıb, tələssə də, doğma, canı - canından, qanı - qanından olan övlad ata - anaya doğru tələsmirdi. Elə bil onun heç valideyni olmayıbmış, öz-özündən göbələk kimi yerdən çıxıb. Amma daha düşmürdü ki, göbələk də öz - özündən çıxmır: Toxumu torpaqda olur, yağış yağıb, onu cücərdir və ondan sonra üzə çıxır. Demək, həyatda her şeyi yaradan Allahdırsa, onu dirçəldən də nə isə başqa bir qüvvə var. Nankor övlad bunu düşünmürdü.

* * *

O gün «Qocalar evi»ndə yaman səs - küy qalxmışdı. Dörd mərtəbəli binanın birinci mərtəbəsindən qalxan səs, bütün binanı bürümüşdü. Bu səs Əsəd kişigilin otağından gəlirdi. Kimsəsizlər evinin yiyəli, yiyəsiz qocaları hamısı bu balaca, darısqal, amma çox səliqəli otağa yığışmışdı. Otaq adamla dolu olduğundan, bəzi qocalar qapıdan, pəncərədən, göz yaşları içində otağasarı boylanırdılar.

Əsəd kişinin səhər yeməyi zamanı halı dəyişmiş, stoldan yerə yıxılaraq qırıq - qırıq nəfəs almağa başlamışdı. Yeməkxanada olanrın köməyi ilə onu otağına gətirərək, təcili həkim çağırmışdılar. Həkimin gəlib xəstəyə baxandan sonra xəstənin can verdiyini bildirib, getmişdi. Bu xəbəri eşidən, Gülayə arvad özünü toparlaya bilməyərək canını tapşırmaq istəyən Əsəd kişinin üstünə atıb hönkürüdü. Kişi canbəsər olmuşdu. Qadınlar Gülayə arvadı başa salmışdılar ki, o, elə etməklə ona zülm edir. Rahat canını tapşırmağa qoymur. Yaşlı qadınların dediyinə görə - Əzrayıl canını almaq istədiyi adamın yanında əzizi hönkürtü ilə ağlayıb, üstünə atılırsa, həmin insana yaxınlaşıb, canını ala bilmir. O, yazıq da zülm çəkir.

Həyat yoldaşından savayı kimsəsi olmayan Gülayə arvad da bu sözləri eşidib, Əsəd kişiyə əziyyət olmasın deyə, göz yaşlarını içində boğaraq, hıçqıra - hıçqıra, Əsəd kişinin – yerdə, başının yanında oturaraq, pambığı nəlbəkidəki suya batırıb, neçə saatdan bəri susuz qalıb, dili-dodağı qurumuş, canını da sakitcə Əzrayıla vermək istəməyən qırıq - qırıq nəfəs alaraq hıçqıran, Əsəd kişinin dodaqlarına sürtürdü. Onun yanında əyləşmiş, Züleyxa da tez - tez Gülayə arvadın ayağına əli ilə vuraraq: - Bir az yavaş, hıçqır, eşidir, - deyirdi.

Əsəd kişinin tavana zillənən solğun, nəmli gözləri bir anlığa Gülayə arvada zillənərək, güclə eşidiləcək tərzdə, qırıq - qırıq cümlələrlə: - «oğ...lum, Əm...rah...ım!» - dedi.

Bu sözləri eşidən Züleyxa tələsik yerdən qalxdı:

- Yazıq kişi, səhərdən sən demə buna görə canını tapşıra bilmirmiş. Oğlunun yolunu gözləyir. – o, otağın bir küncündə oturub, sakitcə göz yaşı axıdan, müdir Hüseyn müəllimə yanaşdı:

- Sizdə sənədlərin arasında, Əmrahın nömrəsi olmaz ki?... Əgər varsa, tez gedək, vəziyyəti deyim. O, gəlməsə kişi canını tapşıra bilməyəcək. Balasının yolunu gözləyir.

Hüseyn: - Hə, deyəsən məndə olmalıdı, - Tələm-tələsik, Züleyxa ilə birgə qapının ağzında toplaşıb, göz yaşı axıdan qocaların yanından keçib, yuxarı, otağına getdi.

... Gülayə arvad yaşlı qadınlarla Əsəd kişinin yanında, yerdə əyləşib, içindən yenə qovrula - qovrula göz yaşı axıdırdı. Əsəd kişi can verəsə də narkor övladı Əmrahın adını çəkmişdi. Ürəyi alışıb yanan ananın közərib, qaysaqlayan yarasının üstünü qoparıb, bir daha qanatmışdı. Əlinin Əsəd kişinin əlində olmasına baxmayaraq, ürəyi Züleyxanın yanındaydı. Görəsən, arvad gəlib nə deyəcək, Əmrahı evdə tapdım, yoxsa?..

O, bir anlığa xəyala daldı: Qapının qarşısınıda oğlu Əmrah və nəvəsi, onlar üzü qibləyə uzanıb Əzrayılla çarpışan, xoşluqla canını vermək istəməyən Əsəd kişiyə yaxınlaşdıqlarını gördü. O, dərhal ayağa qalxıb qapıya tərəf irəliləmək istəyəndə, taqətsiz Əsəd kişi, zorla başını qaldıraraq: - Əm..ra..hım... - Deyib, başı yenidən yana düşdü. Sanki bu xırıltılı səs Gülayə arvadı xəyaldan ayırdı. O, yenidən içini çəkə - çəkə: - Darıxma Əsəd, qadan alım darıxma, gələcək... - deyib, pambığı nəlbəkidəki suya batıraraq, susuzluqdan çartlayan, Əsəd kişinin dodaqlarına sürtdü, sonra isə pambığı sıxıb, iki damcı suyu onun boğazına damızdırdı. Canı ilə əlləşən Əsəd kişiyə Gülayə arvad sanki bu iki damla suyla yenidən can verdi. O, iki damla suyu elə acgözlüklə udub, içəriyə ötürdü ki, elə bil neçə illərdən bəri suyu qurumuş bulağa yenidən su gəlmişdi. Neçə illər susuzluqdan mamırlayan bulaq daşı kimi iki damla suyu canına çəkdi.

Hüseyn müəllimlə Züleyxa içəri daxil oldu. Züleyxa sakitcə Gülayə arvada yaxınlaşıb, pıçıltı ilə: - Zəng etdim, bir cavan gəlin götürdü, məsələni qısa danışdım. Gəlin qışqırdı - Ölür, cəhənnəmə ölsün! - deyib, telefonu çırpdı. Sonra da nə qədər zəng etdim cavab verən olmadı. Axı, ay bacı sizdə Əmrahın oğluyla şəkili olmalıdır, daha neynək, indiki, onları tapa bilmirik, heç olmasa kişi əziyyət çəkməsin. Həmin şəkili gətir kişinin gözünün qabağına, sonra isə qoy sinəsinin üstünə, bəlkə onda rahatlaya.

Bu fikir Gülayə arvadın da ağlına batdı. Yadına nənəsi Güləfruzun ölümü düşdü. II Dünya Müharibəsi vaxtında nənəsi də can verəndə, oğlunu – Gülayənin atası Mirbalanı istəyirdi. Kişi müharibədə olduğundan, Gülayənin anası Qızxanım onun şəklini arvadın gözləri önünə gətirib göstərmişdi, sonra da sinəsinə qoymuşdu. Onunla da arvad canını rahat tapşırmışdı.

Gülayə arvad Əsəd kişinin canını rahat tapşırmasını istəsə də, bir yandan da onun birdəfəlik bu dünyadan köçəcəyini, lap tək qalacağını düşünüb için-için hıçqırdı.

Əsəd kişinin çarpayısındakı, yastığını qaldırıb, altından ağ - qara, rəngsiz, oğlu ilə nəvəsinin birgə şəklini götürüb, bir neçə saniyə Əsəd kişinin gözləri önündə əlləri əsə - əsə saxladı, sonra şəkli onun sinəsinin üstünə qoyub, özü də kişinin sol tərəfində əyləşərək, əlindən yapışdı və dərdi, qəmi göz yaşları içində boğa - boğa o üz – bu üzə çevrilirdi. Birdən onun gözü Əsəd kişinin taqətsiz qalxmaq istəyən əlinə sataşdı. O, dərhal onun əlindən yapışaraq, hansı səmtə əlini aparmaq istədiyini müəyyənləşdirdi. Əsəd kişi əlini oğlu ilə nəvəsinin şəklinin üstünə - sinəsinə aparmaq istəyirdi. Gülayə arvad onun əlini şəklin üstünə qoydu. Kənardan bu acı mənzərəni seyr edən, bayaqdan kədərlərini içlərində boğub, saxlayan qocalar – Züleyxa, İbrahim kişi, Hüseyn müəllim, bir sözlə hamı hönkür - hönkür ağlayırdı. Təkcə Gülayə arvaddan başqa. Arvad nə isə qəribə olmuşdu. Elə hey, o üz – bu üzə burulub, key baxışlarla ətrafı seyr edirdi. Sanki bu acı mənzərə Gülayə arvadı özündən ayırmışdı.

Birdən arvad özünə gələrək, yanıqlı səslə: - İndi rahat canını ver Əzrayıla, ay Əsəd! Səhərdən Əmrah deyirdin, bu da Əmrah, ürəyinin başında! Ver canını!..» - deyərək, hönkürtü ilə: «Bu dünyada gün görməyən Əsəd, ver canını. Get, o dünyada rahatlan!

Gülayə arvadın bu ağıları ətrafda olan qocaların hönkürtü səslərini daha da ucaltdı. Elə bu ərəfədə Əsəd kişinin sinəsi üç dəfə qalxıb – endi, elə bil kimsə qarnının üstündən əli ilə basıb, buraxırdı. Bunu görən Gülayə arvad yenə də özünü saxlaya bilməyib, onun üstünə atıldı:

- Əsəd, sən necə insansan?! Sən indi doğurdan da məni qoyub getmək istəyirsən? Allah məni tək qoyma , Allah! Yalvarıram sənə Allah! – deyə, başını Əsəd kişinin sinəsinin üstünə qoyub, hönkürdü. Bunu görən yaşlı qadınlar dərhal onu Əsəd kişinin sinəsindən qaldırıb, kənara çəkdilər. Gülayə arvad yenə də yalvarışına davam edirdi: - Ay Allah, məni tək qoyma, Allah ! Qurban olum sənə ey gözə görünməz. Sən niyə səsəmi eşitmirsən?! Yalvarıram sənə...

Əsəd kişinin sinəsi qalxıb, enəndən sonra ardınca çənəsi də eyni sürətlə üç dəfə yerindən laxladı. Sonda göz bəbəkləri ağararaq, gözlərinin nuru axdı. Bununla da neçə saatdan bəri oğul həsrətindən canını tapşıra bilməyən ata dünyasını dəyişdi. İbrahim kişi balaca ayna götürərək, Əsəd kişinin burnuna yaxınlaşdırıb, çəkib baxdı. Ayna buxarlanmamışdı. İbrahim kişi qadınları yaxına buraxmayaraq, sağ əli ilə: - Bismillah! - deyib, mərhumun gözlərini bağladı. Amma İbrahim kişinin birinci cəhdi boşa çıxdı. Deyirlər ki; - Ölünün gözləri bağlanmırsa, demək kimdənsə nigaran gedib, həyatdan doymayıb. - Əsəd kişi də nankor oğlundan, qarısı Gülayədən nigaran getdi. Bu vəfasız, ölüyə hay, diriyə pay verməyən dünyadan doymadı getdi. Bu həyatın ona verdiyi əzablara, acılara, dərdlərə baxmayaraq...

İbrahim kişi göz yaşı axıdaraq, onun ayaq - baş barmaqlarını bir-birinə, çənəsini başından bağlayıb, üzünü örtüb, kənara çəkildi, meyiti vidalaşmaq üçün qadınların ixtiyarına verib, özü də bu qarın nə vaxtsa onun da qapısına yağacağını düşünürdü.

Gülayə arvad yaşlı qadınlarla meyitin yanında oturub, dizlərinə vura - vura dərdlərini ortaya töküb, fəryad qoparırdı. Onun səsinə səs verənlər, özü kimi yetim yuvaya sığınanlar idi...





Noyabr, 2001.

Bakı.