Powered By Blogger

1 Kasım 2010 Pazartesi

ARZULARIM...(Etüd)

I qrup əlil Aytən İbrahimovaya ithaf edirəm.


Hamı kimi mənim də ürəyimdə arzularım, istəklərim var. Fəqət, bu yaşıma qədər arzularımın çox hissəsinə həyata keçirə bilməmişəm. Daha doğrusu, arzularımı həyata keçirməyə mane olan səbəb olub.
            Mən də istəmişəm ki, sevdiyim insan olsun, onunla nişanlanım, saatlarla telefonda danışaq, arada sözümüz çəp gəlsin, küsüb, telefonu qapadaq. Günlərlə mənimlə barışmaq üçün zəng etsin, telefonun ekranında adını görüb, açıb, barışmaq istəsəm də, bir az nazlanıb, telefonu açmayım. Vəziyyətin çətinləşdiyini görüb, mesaj yazsın: “Canım, gözüm, hazırlaş, gəlib, səni gəzməyə aparıram”. Mesajı oxuyan kimi hər şeyi unudub, atamın mənə aldığı yaşıl donumu geyinib, güzgünün qarşısında saçlarıma daraq çəkib, anamın yanına gedib: - Ana. Necə görünürəm, - deyə gülən, sual dolu baxışlarımı yaşlı anamın parlaq gözlərinə zilləyim. Anam da gözlərindən gülümsəyərək: - Həmişəki kimi gözəlsən, - desin. Daha sonra tələsik pəncərəyə yaxınlaşıb, dayanacaqda qamətiylə hamının nəzərini cəlb edən nişanlımın pəncərəmizə sarı baxıb, gülümsədiyini görüb, tələsik aşağı enim. Dayanacaqda insanların çox olmasına baxmayaraq, yaxınlaşan kimi küsülülüyümüzü unudub,görüşək, o, mənim yanağımdan öpsün. Həmişəki kimi yenə ona naz edim. Mənimlə mehriban danışdığını görüb, uşaq şıtaqlığı ilə qoluna girib, bala sığırçın anasına sığınan kimi, mən də ona sığınım. Avtobusu gözləməyib, metroya düşək. Metroda da qapının ağzında dayanaq, əllərimdə əllərinin hərarətini duyum. Dodaqlarını qulağıma yaxınlaşdırıb, pıçıltıyla: - Səni sevirəm, - desin. Qulağımdan boynuma yayılan nəfəsi bədənimi titrətsin, yanaqlarım qızarsın, ətrafda ahıl insanların oturduğunu görüb, özümü itirməməyə çalışım.
            “İşərişəhər” metrostansiyasında qatardan enib, Əlyazmalar insitutunun qarşısıyla Sabir bağına enək. Sabirin heykəlinin qarşında dayanıb, yoldan ötən birinə telefonunu verib, şəkilmizi çəkməsini rica etsin. Ardınca, İçərişəhərə girib, əski bir şeyə baxmaq üçün gəzək. Amma bu qədim şəhərdə əski bir şey tapa bilməyib,  Qız qalasına doğru addımlayaq.  Qız qalasının arxasındakı köhnə kitab mağazasına girib, kitab almasaq da, kitabların birin götürüb, baxıb, birini qoyaq, qiymətləriylə maraqlanaq. Kitab mağazasından çıxıb, Qız qalasının önünə keçib, qapıdan içəri daxil olub, gülümsəyən qızdan bilet alıb, mən öndə, o, da arxamca, dar qala divarlarıyla pilləkənlərlə yuxarı doğru hərəkət edək. Arada mərtəbələrin birində dayanıb, əl - ələ tutub, bələdçi qızın danışdıqlarına qulaq verək.  Qalanın üstündə xaricilərin ingilis dilində danışdığını görüb, əsəbləşib, onlara yaxınlaşıb: - Bura İngiltərə deyil e,Azərbaycandı, bura da bizim dilimizdə danışın, - deyək. Onların bizi anlamadığını görüb, gülümsəyərək, bir kənara çəkilək. O, mənim boynumdan qucaqlayaraq, şəhərin görməli yerlərini göstərsin. Mən də yarızarafat, yarıciddi: - Şəhərdə o qədər göydələnlər tikiblər ki, Qız qalasının gözəlliyi onların yanında gizlənmiş kimi görünür, - deyib, heyfslənim. Birdən, mobil telefonum zəng çalsın. Qaldıranda, anam: - Atan, əsəbləşib, tez evə gəl, - deyə pıçıldasın. Tələsik dar dalanlarla aşağı enək, Pilləkənləri enərkən, arada ayağım büdrəsin, az qala, yıxılam, belimdən tutsun. Mən də zarafatla onun əlini kənara itələyim. O, da: - Bah, minnətin olsun, tutmasaydım, yıxılacaqdın, - deyib, gülümsəsin.
            Beləcə, danışıb – gülərək, məni qapımıza qədər gətirib, geri dönsün. Qapını açan anam, şəhadət barmağını dodaqlarının üstünə qoyaraq, sakit olmağımı işarə etsin. Qonaq otaağında qaş – gözünü sallayıb, televizorda “Xəbərlər”i izləyən atamın yanından sakitcə, sivişib, öz otağıma keçib, əynimi dəyişib, telefonumun qulaqcığını qoşub, o, evlərinə çatana qədər musiqilər dinləyim. Birdən anam çiynimi tərpədib: - Səni telefona çağırır, - desin. Sevincək, qulaqcıqları çıxarıb, kənara atıb, dəstəyi, götürüb, bir – birimizi neçə illər görməyən həsrətlilər kimi səhərə qədər gələcək ailəmiz, övladlarımız haqqında danışaq. Arada uşaqların ad məsələsində mübahisəmiz də düşsün...
            Bu arada xəyallarımdan ayrılıb, özümə, bu günümə qayıdıram . Otağımda pəncərənin qarşısında oturub yağış damcılarının  pəncərəmizi islatdığını seyr edir, onların da mənim halıma ağladığını zənn edib, göz yaşlarıma hakim kəsilə bilmirəm. Özümdə güc toplayıb, əlil arabamdan ayağa qalxıb, qaçaraq, çölə çıxıb, yağışın damlaları altında islanmaq istəsəm də, alınmır.Mən iki ayağımdan ömürlük əlil arabasına möhtac olan gənc qızam...

31 Oktyabr 2010,
Bakı şəhəri.

Hiç yorum yok:

Yorum Gönder